Ən çox verİlən suallar

Hansı halda əmək müqaviləsi müddətsiz hesab edilir?

Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, o, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmçinin, əmək müqaviləsində müddətin müəyyən edilmədiyi hallarda, həmin müqavilə müddətsiz hesab olunur.

Sığorta ödənişi hansı formada həyata keçirilir?

Sığorta ödənişi verilmiş hadisə ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ çıxılmaqla nağdsız qaydada şəxsin bank hesabına köçürülür.

Yaşa görə əmək pensiyası təyin olunduqdan sonra işləyən şəxslərin pensiyaları hansı halda yenidən hesablanır?

Yaşa görə əmək pensiyası təyin edilmiş şəxs pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə bu zaman pensiyanın məbləği fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış, lakin istifadə edilməmiş pensiya kapitalına görə avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Avtomatlaşmış qaydada yenidən hesablamanın əhatə dairəsinə düşməyənlər isə əmək pensiyalarının yenidən hesablanması ilə bağlı istənilən DOST mərkəzinə və ya DSMF-nin aidiyyəti struktur bölməsinə müraciət edə bilərlər.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı müddətdə verilir?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.

Yaşa görə müavinətin təyin edilməsindən hansı halda imtina edilir?

Yaşa görə sosial müavinətin təyin edilməsindən imtinanın əsasları:

-sənədlərin natamamlığı;

-müraciətin hüquqi əsasının olmaması.

Əlilliyə görə əmək pensiyasının təyin olunması üçün müraciət etdikdə hansı halda imtina edilir?

Qeyd edilən şəxslərə aşağıdakı hallarda imtina edilir:

-əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olduqda;

-əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmadıqda;

-orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmadıqda;

-sənədlər natamam olduqda.

Ünvanlı dövlət sosial yardımının təyini prosesində məlumatların yoxlanılması zamanı hansı hallarda imtina edilir?

Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda “Ünvanlı yardım” (VEMTAS) altsistemi tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə, uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır.

Vətəndaşın ahıl şəxsə qulluq etdiyi müddəti əmək pensiyası təyin edilən zaman sığorta stajına daxil edilirmi?

Şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda nəzərdə tutulan müddət sosial sığorta stajına daxil edilir.

Əməkhaqqından tutulacaq məbləğlərin maksimal həddi mövcud əmək qanunvericiliyinə əsasən hansı formada tənzimlənir?

Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqının əlli faizi saxlanmalıdır.

Bir ailəyə neçə uşaq himayəyə verilə bilər?

Himayədar ailələrə verilmiş uşaqların sayı 3-dən artıq olmamalıdır (bacı-qardaşlar himayəyə götürüldüyü hallar istisna olmaqla).

Sosial yardım təyin edilmiş ailəyə mənzil və ya nəqliyyat vasitəsi bağışlandığı halda nə baş verir?

Ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır.

 

ÜDSY üçün elektron müraciət qeydə alındıqdan sonra bu barədə bildiriş hansı formada təqdim edilir?

Elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır.

 

Əvvəllər təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün hansı hallarda müraciət edilə bilər?

1. Şəxs əmək pensiyası təyin edilərkən sosial sığorta stajını təsdiq edən sənədləri tam şəkildə təqdim etmədikdə və sonradan həmin sənədləri yenidən təqdim etdiyi halda (diplom, digər əmək kitabçası, arxiv arayışı, hərbi bilet və s.);

2. Yaşa görə əmək pensiyaçısı pensiya təyin olunduqdan sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədən 6 il işlədikdə və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə (işdən azad olunduqda).



 

Müəssisənin təsisçisi və direktoru eyni şəxs olduqda əmək müqaviləsi imzalanmalıdırmı?

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır.

Sığorta stajı nə deməkdir?

Sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.

İşsizlikdən sığorta ödənişinin verildiyi müddət sosial sığorta stajına daxildirmi?

Bəli, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.5.-ci maddəsinə əsasən işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət sosial sığorta stajına daxil edilir.


 

Sığortaolunan xaricdə əmək qabiliyyətini itirdikdə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət necə ödənilir?


Sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə - profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yeri tərəfindən DSMF-yə haqq-hesab cədvəli göndərilir və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 189 nömrəli NK qərarı ilə müəyyən edilmiş qaydada ödənilir.

 

Kimlərin sosial sığorta ödəmələrini almaq hüququ yoxdur?

Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur.


 

Övladlığa götürülmüş uşaqlara uşağın anadan olmasına görə birdəfəlik müavinət hansı qaydada ödənilir?

Övladlığa götürülmüş uşaqlara uşağın anadan olmasına görə birdəfəlik müavinət ümumi əsaslar üzrə verilir.

Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ hansı halda yaranır?

Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı əlillik dərəcəsi necə müəyyən edilir?

İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edir. Agentlik tərəfindən vətəndaşın peşə əmək qabiliyyətinin 30 faizdən yuxarı itirilməsi halında əlillik dərəcəsinin müddətinə uyğun əlillik təyinatı aparılır.

 

Vətəndaş mülkiyyətində olmayan avtomobili etibarnamə ilə idarə edirsə, ünvanlı dövlət sosial yardımı almaq hüququnu əldə edə bilərmi?

Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir.

 

Ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı orta aylıq gəlirin hesablanması qaydası necədir?

Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır.

 

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi üçün tələb olunan təmsilçilik ərizəsinin qüvvədə olma müddəti nə qədərdir?

Təmsilçilik barədə ərizə notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədə olur.

 

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda "ailə" dedikdə kimlər nəzərdə tutulur?

Qanunvericiliyə əsasən ailə – qohumluq və ya qanuni bağlılıq əsasında birləşən, eyni yaşayış yerində yaşayan və xərclərini birgə qarşılayan şəxslər hesab olunur. Eyni zamanda, tək yaşayan şəxs də ailə kimi qəbul edilir.

 

Dəfn üçün birdəfəlik müavinət necə təyin edilir?

Dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti), müraciət nümayəndə vasitəsilə edildikdə isə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənəd, vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti, dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı, dəfni təşkil edən şəxs barədə 2019-cu il martın 1-dək vəfat etmiş şəxslərə münasibətdə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı, 2019-cu il martın 1-dən sonra vəfat etmiş şəxslərə münasibətdə bələdiyyənin arayışı ilə həmin hüququn yarandığı tarixdən sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya “DOST” mərkəzlərinə müraciət edə bilər.